Mühasibat uçotu, yoxsa Maliyyə uçotu?
Mühasibat uçotu, yoxsa Maliyyə uçotu deməliyik? Bu terminlər cəmiyyətdə və hətta yeni mühasiblər arasında çox qarışdırılır. Bəs fərqi varmı?
Əslində hər biri fərqli məna və məqsəd daşıyır və biri digərinin tərkibinə daxildir.
Bu qarışıqlığa gəlin bu izahla aydınlıq gətirək:
İlk öncə Mühasibat uçotu nədir? "Mühasibat" sözü ərəb dilindən bizim dilə keçmiş "hesablama" "rəqəmlərin hesablanması" anlamına gəlir, "Mühasib" sözü isə "hesablayan şəxs" anlamında işlədilir. Uçot sözü isə rus dilindən bizim dilə keçən bir sözdür. Mənası isə məlumatların qeydiyyatı və təhlili mexanizmidir. "Mühasibat Uçotu" öz dilimizdə "Baş vermiş Məlumatların Qeydiyyatı və Hesablanması" mənasına gəlir. Beləliklə Mühasibat uçotu ümumiyyətlə biznesdəki baş vermiş bütün hesablanmalı məlumatların qeydiyyatını və hesablanmasını nəzərdə tutur.
Bəs Maliyyə Uçotu nədir?
Keçən reelslərimizdə bunu izah etdik ki, məlumatlar fərqli məqsədlərə görə fərqli qeydiyyatı və təhlili ola bilər ki, bu da fərqli uçot növlərini gərəkdirir, hansı ki, "İdarəetmə uçotu, Maliyyə uçotu və Vergi uçotu" kimi fərqli məqsədlərə xidmət edən uçotlar yaranır, Qısaca xatırlayaq:
İdarəetmə uçotu idarəçilərə fəaliyyətin məhsuldarlığını ölçmək və artırmaq məqsədilə məlumatların əvvəlcədən planlaması və sonra faktiki baş vermiş məlumatların qeydiyyatı və təhlili sistemidir.
Maliyyə Uçotu isə elə həmin faktiki baş vermiş məlumatların kənar tərəflərin məqsədlərinə görə vahid standartlara əsasən qurulmuş qeydiyyatı və təhlili sistemidir.
Vergi uçotu da elə həmin faktiki baş vermiş məlumatların dövlətin məqsədlərinə uyğun qeydiyyatı və təhlili sistemidir.
Nəticə olaraq Mühasibat uçotu İdarəetmə uçotunun faktiki baş vermiş məlumatların qeydiyyatı hissəsi + Maliyyə uçotu + Vergi uçotunun hamısını əhatə edən ümumi olaraq baş vermiş məlumatların qeydiyyatı və təhlili sistemini ifadə edir. Yəni Maliyyə uçotu Mühasibat uçotunun sadəcə bir tərkib hissəsidir deyə bilərik.
Son olaraq, əgər şirkətin beynəlxalq standartlara əsasən uçotu nəzərdə tutulursa Maliyyə uçotu, yox ümumi bütün uçotlarının qurulması, aparılmasını nəzərdə tutulursa, Mühasibat uçotu deyə bilərsiniz.